Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli maarifçilik ideyalarının, ictimai tərəqqinin, milli özünüdərkin və azad düşüncənin əsas tribunasına çevrildi. Bu qəzet yalnız mətbuat orqanı deyil, milli oyanış hərəkatının ideoloji platforması idi.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki, məhz milli mətbuat xalqın milli kimliyinin qorunmasına, ana dilinin inkişafına və istiqlal ideyalarının formalaşmasına mühüm töhfə verib, Sonrakı illərdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” və “Açıq söz” kimi mətbuat orqanları isə maarifçilik missiyasını davam etdirərək Azərbaycan ictimai fikrinin inkişafına mühüm töhfələr veriblər.
Mehriban Vəliyeva qeyd edib ki, müstəqillik dövründə Azərbaycan mediasının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildən etibarən həyata keçirilən siyasi və hüquqi islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində dönüş nöqtəsi oldu. Bununla yanaşı, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradıldı, media mühitinin inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirildi. Bu siyasət nəticəsində Azərbaycanda plüralist media mühiti formalaşdı, söz azadlığı konstitusion təminat aldı və milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə media dövlət idarəçiliyinin və informasiya təhlükəsizliyinin əsas istiqamətlərindən birinə çevrilib: “2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanunun qəbulu milli medianın müasir çağırışlara uyğun inkişafına yeni imkanlar açıb”.

