Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir. İxtisaslaşmalar üzrə ümumilikdə 637 plan yeri ayrılıb.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.
ADPU üzrə 2026-2027-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul planı və 2025-ci ilin keçid balları ilə posterlərdən tanış olmaq mümkündür.
Bu ildən ADPU-da magistratura səviyyəsində 3 yeni ixtisaslaşma üzrə də kadr hazırlığı aparılacaq. Bunlar Azərbaycan dilinin xarici dil kimi tədrisi (plan yeri 8), fəlsəfə tarixi (plan yeri 5) və əhalinin müxtəlif qrupları ilə sosial iş (plan yeri 10) ixtisaslaşmalarıdır.
Posterlərdə bir ulduzla fərqləndirilmiş ümumi idarəetmə (MBA, plan yeri 80), marketinq (MBA, plan yeri 25) və gənclərlə iş (plan yeri 15) ixtisaslaşmalarında təhsil müddəti 1,5 ildir və dissertasiya müdafiəsi tələb edilmir. Təhsili doktorantura səviyyəsində davam etdirmək hüququ vermir.
Posterlərdə iki ulduzla fərqləndirilmiş təlim və tədrisin təşkili (plan yeri 30) və təhsil menecmenti (plan yeri 65) ixtisaslaşmalarına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsinin təhsil ixtisasları və iqtisadiyyat və idarəetmə qrupları üzrə müvafıq ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Bu ixtisaslaşma üzrə müsabiqə Azərbaycan, rus və ingilis bölmələri üzrə birgə aparılır.
Üç ulduzla qeyd olunan təhsil menecmenti (ADPU-CVU ikili diplom, plan yeri 30) ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə” qrupları üzrə müvafiq ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Müsabiqə Azərbaycan, rus və ingilis bölmələri ilə birgə aparılır. Kadr hazırlığı ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə beynəlxalq ikili diplom proqramı əsasında həyata keçirilir. Müvafiq keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Tədris dilinə uyğun olaraq namizədlər tərəfindən ingilis dili bacarıqlarını təsdiq edən IELTS, TOEFL və ya “Duolingo” sertifikatı tələb olunur. Beynəlxalq ikili diplom proqramı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamı çərçivəsində dövlət hesabına maliyyələşdirilir.
2026-2027-ci tədris ili üzrə magistraturaya ixtisaslaşma seçimi iyulun 26-dək davam edəcək.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyət qazanan bakalavrlar bu müddət ərzində Dövlət İmtahan Mərkəzinin internet saytı üzərindən ixtisaslaşma seçimini edə bilərlər.

