Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsində 90 bal toplayan Nəzrin Mirzəyeva hazırlıq prosesi və gələcək hədəflərindən danışıb.
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, 14–18 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
İmtahanda yüksək nəticə göstərən namizədlərdən biri ibtidai sinif müəllimliyi üzrə namizəd Nəzrin Mirzəyeva olub. O, MİQ-in test mərhələsində 90 bal toplayıb.
Az.Edu.az-a açıqlamasında Nəzrin Mirzəyeva bildirib ki, bu il bakalavr təhsilini uğurla başa vurub və universitet illərində müxtəlif könüllü fəaliyyətlərdə, sosial və təhsil yönümlü layihələrdə iştirak edib.
Onun sözlərinə görə, peşəkar inkişafını davam etdirmək məqsədilə eyni vaxtda həm magistratura, həm də MİQ imtahanlarına hazırlaşıb və hər iki imtahanda uğur qazanıb.
N.Mirzəyeva qeyd edib ki, hazırda dörd illik pedaqoji fəaliyyət təcrübəsinə malikdir və bu müddətdə şagirdlərlə ünsiyyət, tədris prosesinin planlaşdırılması və müasir təlim metodlarının tətbiqi sahəsində bacarıqlarını inkişaf etdirib.
O bildirib ki, gələcəkdə əsas məqsədi Bakı şəhərinin məktəblərində müəllim kimi fəaliyyət göstərmək, şagirdlərin motivasiya aldığı və sevərək dərsə qatıldığı müəllimlərdən biri olmaqdır.

