Bakı Mühəndislik Universitetində magistratura səviyyəsində təhsil imkanları, proqram fərqləri və ikili diplom imkanları ilə bağlı əsas suallara aydınlıq gətirilib.
“Tehsil365” xəbər verir ki, Bakı Mühəndislik Universitetində (BMU) magistratura səviyyəsində təhsillə bağlı tez-tez ünvanlanan suallar və cavablar təqdim olunub.
1) 1,5 və 2 illik magistratura proqramları arasında əsas fərqlər hansılardır?
1,5 illik magistratura proqramında dissertasiya işi nəzərdə tutulmur. Təhsil müddəti 1 il 6 ay təşkil edir və ikinci tədris ili üzrə yalnız bir semestrin təhsil haqqı ödənilir. Bu proqram üzrə məzunlar doktorantura səviyyəsində təhsillərini davam etdirmək hüququna malik olmurlar. Tədris planında əsas diqqət praktik yönümlü fənlərin tədrisinə və peşə bacarıqlarının inkişafına yönəldilir.
2) Magistratura proqramları üzrə dərslər həftədə neçə dəfə və hansı saatlarda keçirilir?
Magistratura səviyyəsi üzrə tədris prosesi həftədə əsasən üç dəfə təşkil olunur. Dərslər həftəiçi günlərdə saat 18:20-də başlayır və 20:40-da başa çatır. Bu tədris qrafiki işləyən şəxslərin təhsil imkanlarından daha rahat və səmərəli şəkildə yararlanmasına şərait yaradır.
3) Magistratura səviyyəsində ikili diplom proqramı varmı?
Bəli. 4 ixtisaslaşma üzrə BMU ilə Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universiteti (BUCEA) arasında magistratura səviyyəsində iki model üzrə ikili diplom proqramı həyata keçirilir.
Belə ki, “İnformasiya texnologiyaları” ixtisasının 2 ixtisaslaşması (İdarəetmədə informasiya sistemləri, Maşın öyrənməsi), Memarlıq ixtisasının 1 ixtisaslaşması (Memarlıq mühitinin dizaynı), o cümlədən “Mexanika mühəndisliyi” ixtisasının 1 ixtisaslaşması (Hidromexanika və hidravlik maşınlar) üzrə qəbul proqram çərçivəsində həyata keçiriləcək.
Proqrama qəbul olan magistrantlar təhsilin ilkin mərhələsini BMU-da, sonrakı mərhələsini isə proqramın müvafiq modelinə uyğun olaraq Çində davam etdirəcəklər.

