II ixtisas qrupu üzrə qəbul imtahanlarında yüksək nəticə göstərərək ölkə ikincisi olan Fuad Hacıyev təhsil seçimi və gələcək planlarından danışıb.
“Tehsil365” xəbər verir ki, 270 saylı tam orta məktəbin məzunu Fuad Hacıyev II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək ölkə ikincisi olub.
Məktəbi fərqlənmə attestatı ilə bitirən Fuad buraxılış imtahanında 296,9, blok imtahanında isə 392,5 bal toplayaraq ümumilikdə 689,4 bal nəticə göstərib.
Fuad Hacıyev bildirib: “Maliyyə ixtisası üzrə ən keyfiyyətli təhsilin UNEC-də verildiyini düşünürəm. Ona görə də təhsilimi burada davam etdirmək istəyirəm”.
O, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində “Maliyyə” ixtisası üzrə ingilis dilində təhsil almağı seçir.
Fuadı imtahanlarda yüksək nəticə əldə etməsi münasibətilə təbrik edirik, təhsil həyatında yeni nailiyyətlər arzulayırıq!

