Bakı Slavyan Universitetinin (BSU) tələbələri universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində beynəlxalq təhsil proqramlarında uğurla iştirak etməyə davam edirlər.
“Tehsil365” xəbər verir ki, BSU-nun Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin Regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisasının I tədris ili tələbələri Heydərzadə Almaz və Qənbərova Günəş Özbəkistan Respublikasının Daşkənd və Səmərqənd şəhərlərində keçirilən "Özbək dili və mədəniyyəti" beynəlxalq yay məktəbində iştirak edirlər.
12-21 iyul 2026-cı il tarixlərini əhatə edən yay məktəbi Nizami adına Milli Pedaqoji Universiteti və Səmərqənd Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Proqramın əsas məqsədi müxtəlif ölkələrdən olan tələbələrin özbək dili, tarixi, mədəniyyəti və ədəbiyyatı sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də beynəlxalq akademik əməkdaşlığı daha da genişləndirməkdir.
On gün davam edən proqram çərçivəsində iştirakçılar özbək dili üzrə intensiv təlimlərə qatılır, elmi-mədəni tədbirlərdə iştirak edir və Özbəkistanın tarixi-mədəni irsi ilə yaxından tanış olurlar. Yay məktəbi tələbələrə nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə akademik fikir mübadiləsi aparmaq və beynəlxalq əlaqələr qurmaq imkanı yaradır.
BSU tələbələrinin bu nüfuzlu beynəlxalq yay məktəbində iştirakı onların özbək dili üzrə bilik və bacarıqlarının inkişafına, Mərkəzi Asiya regionu üzrə peşəkar hazırlıqlarının gücləndirilməsinə, eyni zamanda universitetin beynəlxalq akademik əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
Tələbələrin beynəlxalq təhsil proqramlarında fəal iştirakı Bakı Slavyan Universitetində həyata keçirilən beynəlmiləlləşmə strategiyasının uğurlu nəticələrini əks etdirir və universitetin qlobal ali təhsil məkanında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

