Azərbaycan milli mətbuatının tarixi yalnız informasiya yayımının deyil, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması və cəmiyyətin yeniləşməsi tarixidir. 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti elmə, təhsilə və tərəqqiyə çağırış edərək milli mətbuatımızın əsasını qoydu. XIX əsrin sonu və XX əsrin əvvəllərində nəşr olunan qəzet və jurnallar isə hələ dərin patriarxal təsəvvürlərin hökm sürdüyü, təhsilin geniş təbəqələr üçün əlçatan olmadığı bir cəmiyyətdə xalqın maariflənməsini özlərinin başlıca missiyalarından biri hesab edirdilər.
“Tehsil365” xəbər verir ki, Məleykə Abbaszadə çıxışında bildirib ki, həmin dövrün ziyalıları mətbuat vasitəsilə insanları oxumağa, düşünməyə, elmə və dünyəvi təhsilə yönəldir, cəhalətə, geriliyə və sosial ədalətsizliyə qarşı mübarizə aparırdılar. “Molla Nəsrəddin” kimi nəşrlər yalnız mövcud problemləri göstərmir, həm də cəmiyyətə özünə kənardan baxmaq, nöqsanlarını görmək və dəyişmək cəsarəti verirdi. İlk milli mətbuat orqanları təhsilin, qadınların maariflənməsinin, milli dilin və ictimai tərəqqinin əhəmiyyətini xalqın şüuruna çatdıraraq milli oyanışda mühüm rol oynayırdılar.
Bu gün texnologiyaların inkişafı ictimai sözü demək olar ki, hər kəs üçün əlçatan edib. Hər bir insan informasiya yarada və onu geniş auditoriyaya çatdıra bilər. Lakin bu, peşəkar jurnalistikaya ehtiyacın azalması demək deyil. Əksinə, informasiya, fikir və emosiyaların sürətlə yayıldığı müasir dövrdə cəmiyyət dürüst, qərəzsiz və peşəkar sözə əvvəlkindən daha çox ehtiyac duyur.
Jurnalist yalnız yazıları ilə deyil, həm də şəxsiyyəti, mövqeyi və davranışı ilə insanların hörmət və etimadını qazanmalıdır. Haqqında yazdığı mövzunu dərindən öyrənməli, faktları yoxlamalı və hər bir sözün doğura biləcəyi nəticəyə görə məsuliyyət daşımalıdır. Müasir texnologiyalar məlumat axtarışını xeyli asanlaşdırır, lakin onlar peşəkar vicdanı, analitik düşüncəni və həqiqəti yanlış məlumatdan ayırmaq bacarığını əvəz edə bilməz.
Sözün təsirli olması üçün onu yüksək səslə demək şərt deyil. Əsas olan, ilk növbədə, insanın özü ilə dürüst olması, müraciət etdiyi insanlara hörmətlə yanaşması, həqiqəti emosiyadan, faktı fərziyyədən, dəyərli fikri informasiya səs-küyündən ayıra bilməsidir. Etimadı qazanmaq çətindir, onu qorumaq isə daha böyük peşəkarlıq və məsuliyyət tələb edir.
Biz öz fəaliyyətimizdə mətbuatda və sosial şəbəkələrdə yayımlanan materialları daim diqqətlə izləyirik. Peşəkar və əsaslandırılmış tənqidi səmimi şəkildə yüksək qiymətləndiririk. Jurnalistlərin bizim özümüzün görmədiyimiz və ya yetərincə hiss etmədiyimiz məqamları üzə çıxarması, mövcud problemlərə diqqət yönəltməsi və bununla da fəaliyyətimizi təkmilləşdirməyə kömək etməsi bizim üçün xüsusilə dəyərlidir.
Milli mətbuatımızın ilk nümayəndələri sözü xalqın maariflənməsinə və inkişafına xidmət edən bir missiya kimi qəbul edirdilər. Arzu edirəm ki, müasir Azərbaycan jurnalistikası da bu böyük maarifçilik ənənəsinə sadiq qalaraq cəmiyyətin düşünməsinə, həqiqəti dərk etməsinə və daha yaxşı gələcək qurmasına xidmət etsin.
Bütün media nümayəndələrinə peşəkar prinsipiallıq, müstəqil düşüncə, cəmiyyətin hörmətini və sözlərinə daim sadiq qalmağı arzulayıram.
Milli Mətbuat Gününüz mübarək!
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə

