Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri - Elnur Əhmədov (İnformasiya təhlükəsizliyi, III kurs), Həsən Yunisov (İnformasiya təhlükəsizliyi, II kurs), Bahadur İbadov (İnformasiya təhlükəsizliyi, II kurs), Murad Xəlidli (Kompüter mühəndisliyi, I kurs) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti məzunları arasında yer alıblar.
“Tehsil365” xəbər verir ki, bu tədris dalğası üzrə ümumilikdə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. İlk dəfə olaraq proqramı ən yüksək nəticə ilə bitirən 5 məzun xaricdə qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramı qazanıb və onlardan biri BMU-nun İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Bahadur İbadovdur.
Universitet tələbələrinə bununla bağlı müvafiq sertifikatlarlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca 7-ci “Məzun Günü”ndə təqdim olunub.
Tədbirdə BMU-nun rektoru Yaqub Piriyev və mərkəzin təlimində uğur qazanan tələbələri iştirak ediblər. Rektor gəncləri nailiyyətləri münasibətilə təbrik edərək bildirib ki, BMU tələbələrinin Kibertəhlükəsizlik Mərkəzinin əvvəlki məzunları arasında da yer alması universitetdə kibertəhlükəsizlik sahəsində aparılan məqsədyönlü hazırlığın nəticəsidir.
“Məzun günü”nün açılışında İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin tərəfdaş qurumların nümayəndələri çıxış ediblər. Bununla yanaşı, AKM-in bu günədək gördüyü işlərlə bağlı məlumatlar diqqətə çatdırılıb.
Tədbir çərçivəsində məzunlardan ibarət komandalar tərəfindən hazırlanan yekun layihə təqdim edilib. Sonda 100 məzuna rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim olunub.
Tədbirin yekununda baş tutan “Karyera sərgisi” çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə proqramları və peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr aparıb, şəbəkələşmə imkanı əldə ediblər.
Qeyd edək ki, AKM-də təhsil alan tələbələr beynəlxalq mütəxəssislər tərəfindən Red Team (hücum), Blue Team (müdafiə) və Purple Team təlimləri keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək AKM-dən 420 nəfər məzun olub. Hazırlanmış mütəxəssislərin 90 %-dən çoxu dövlət qurumlarında və özəl sektorda kibertəhlükəsizlik üzrə mütəxəssis kimi fəaliyyət göstərir.

