Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunan "Milli Mətbuat – dövlətçilik və milli dəyərlərin keşikçisi" adlı tədbir təşkil edilib.
“Tehsil365” xəbər verir ki, tədbir Mərkəzi Elmi Kitabxananın və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Əvvəlcə iştirakçılar milli mətbuatın tarixini əks etdirən kitab sərgisi ilə tanış olublar. Daha sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MEK-in direktoru Hüseyn Hüseynov çıxışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin media nümayəndələrinə təbrikini çatdırıb. O bildirib ki, mətbuat cəmiyyətin maariflənməsində, obyektiv informasiyanın çatdırılmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır. Direktor vurğulayıb ki, Mərkəzi Elmi Kitabxana ilə media arasında formalaşmış əməkdaşlıq elmin, kitabın və mütaliə mədəniyyətinin ictimaiyyətə çatdırılmasına əhəmiyyətli töhfə verir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə çıxışında Azərbaycan mətbuatının dövlətçilik tarixindəki rolundan danışıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli mətbuatın inkişafında yeni mərhələ başlanıb, 1998-ci ildə senzuranın ləğvi isə medianın azad fəaliyyətinin təmin olunmasında mühüm addım olub. O, həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və dezinformasiyaya qarşı mübarizədə mühüm rol oynayıb.
Tədbirdə əsas məruzə ilə çıxış edən "Səs" qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev bildirib ki, Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib. O, müxtəlif tarixi mərhələlərdə mətbuatın inkişaf yolundan bəhs edərək, müstəqillik dövründə həyata keçirilən media siyasətinin və senzuranın ləğvinin mətbuatın inkişafında xüsusi rol oynadığını vurğulayıb.
MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova da çıxışında milli mətbuatın dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin maarifləndirilməsindəki rolundan danışıb. O, postmüharibə dövründə Azərbaycan mediasının ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsinə və dövlət maraqlarının müdafiəsinə mühüm töhfələr verdiyini qeyd edib.
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi YAP Yasamal rayon təşkilatının Fəxri Fərmanı və Təşəkkürnaməsi, həmçinin Mərkəzi Elmi Kitabxananın Təşəkkürnaməsi ilə təltif olunub. Daha sonra iştirakçılar kitabxananın sərgi salonunda nümayiş etdirilən daimi və tematik sərgilərlə tanış olublar.

