Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin artırılması və tələbələr üçün yeni təhsil imkanlarının yaradılması Bakı Xoreoqrafiya Akademiyasının qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərindən olacaq.
Akademiyadan “Tehsil365”ə bildirilib ki, növbəti tədris ilində beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafı, ikili diplom layihələrinin həyata keçirilməsi və xarici tələbə-müəllim mübadiləsinin gücləndirilməsi prioritet məsələlər sırasındadır.
Qeyd olunub ki, Bakı Xoreoqrafiya Akademiyasında tələbələrinin təhsilinin davam etdirilməsində maraqlı olan Qazaxıstan Milli Qızlar Pedaqoji Universiteti ilə əməkdaşlıq memorandumunun imzalanması üzərində iş aparılır. Eyni zamanda, Türkiyənin müvafiq təhsil müəssisələri ilə ikili diplom layihəsinin həyata keçirilməsi üçün akademiyanın diplomlarının YÖK tərəfindən tanınması üçün işlər görüləcək. Ötən il olduğu kimi bu il də akademiyanın tələbələri “Baku İnternational Art” festivalında yaxından iştirak edəcək və bu festivala dəvət olunmuş xoreoqraflar akademiyada ustad dərsləri keçəcəklər.

