Koreya Respublikasının İNHA Universitetinin professoru Kiçanq Kim Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan yay məktəbi çərçivəsində BMU-İNHA ikili diplom proqramının tələbələri üçün “Kompüter alqoritmləri” fənni üzrə dərslər aparır.
“Tehsil365” xəbər verir ki, professor Kiçanq Kim fənnin əhəmiyyətindən danışaraq bildirib ki, kompüter alqoritmləri kompüter elmlərinin fundamental istiqamətlərindən biridir. Bu sahə müxtəlif problemlərin həlli üçün alqoritmlərin hazırlanmasını və həmin həll yollarının ardıcıl addımlar şəklində qurulmasını öyrənir.
“Başqa sözlə, düzgün tərtib olunmuş alqoritmin addımlarına ardıcıl əməl edildikdə, qarşıya qoyulan problemi uğurla həll etmək mümkündür. Müasir dünyada həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Dərslər zamanı çeşidləmə, axtarış, qraf alqoritmləri və sətir uyğunlaşdırılması kimi klassik, geniş tətbiq olunan mövzular araşdırılır. Axtarış problemləri kompüter elmlərinin ən mühüm istiqamətlərindən biridir. Çeşidləmə alqoritmləri axtarış prosesinin səmərəliliyini artıran əsas üsullardan hesab olunur. Qraf alqoritmləri mürəkkəb və çoxölçülü problemlərin həllində geniş tətbiq edilir. Sətir uyğunlaşdırılması isə axtarış alqoritmlərinin mühüm tətbiq sahələrindən biridir” - deyə o bildirib.
Professor Kiçanq Kim Bakı haqqında xoş təəssüratlarını da bölüşüb:
“Burada hava olduqca gözəldir. Xəzər dənizini çox bəyənirəm, ümumilikdə təbiət füsunkardır. İnsanlar son dərəcə mehriban və qonaqpərvərdirlər. Yerli mətbəx də çox xoşuma gəlir. Bir sözlə, Azərbaycanda olmaqdan və burada keçirdiyim vaxtdan böyük məmnunluq duyuram”.

