Türkiyədə Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanında (YKS) bir sualın cavab açarının dəyişdirilməsi ilə bağlı başlanan hüquqi mübarizə minlərlə abituriyentin nəticələrinə təsir göstərib.
“Tehsil365” xəbər verir ki, abituriyent Doruk Kerem Atam ÖSYM-nin əvvəl cavab açarında "C" variantı kimi göstərdiyi sualın cavabını sonradan "A" variantı ilə dəyişməsinə etiraz edərək məhkəməyə müraciət edib. O, sualın ləğv edilməsini tələb edib.
Məlumata görə, eyni məsələ ilə bağlı ümumilikdə 12 nəfər məhkəməyə müraciət edib. Daha sonra ÖSYM cavab açarını dəyişmək əvəzinə həmin sualı etibarsız hesab edib. Bu qərar minlərlə namizədin bal və sıralamasının yenidən hesablanmasına səbəb olub.
YKS nəticələrinə əsasən, Bərabər Çəkili (Eşit Ağırlıq) ixtisas qrupu üzrə Türkiyə üzrə 579-cu olan Doruk bildirib ki, sual ləğv edilməsəydi, sıralaması xeyli geriləyə bilərdi.
"Bu sual ləğv edilməsəydi, 579-cu deyil, 768-ci ola bilərdim. Nəticəmdən razıyam və Boğaziçi Universitetinin Biznesin idarəedilməsi ixtisasını seçməyi planlaşdırıram", - deyə o bildirib.
O, qəbul edilən qərarın minlərlə abituriyentin gələcəyinə təsir etdiyini vurğulayaraq hüquqlarının pozulduğunu düşünən namizədlərə məhkəmə yolu ilə haqlarını müdafiə etməkdən çəkinməməyi tövsiyə edib.

