SDU-nun dosenti dünyanın Top 500 universiteti sırasında yer alan ali təhsil müəssisələrindən birinin doktorantlarına elmi məsləhətçi təyin olunub.
“Tehsil365" xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat və iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva dünyanın Top 500 universiteti sırasında yer alan Qazaxıstan Respublikasının L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantlarına elmi məsləhətçi qismində dəstək göstərəcək.
Belə ki, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin 2-ci kurs doktorantları Mukuşev Tolegen və Mukuşeva Aliya dosent Aygün Əliyevanın elmi rəhbərliyi və məsləhətçiliyi ilə 2026-2027-ci tədris ilinin oktyabr-noyabr aylarında Sumqayıt Dövlət Universitetində "Dövlət auditi" proqramı üzrə elmi-tədqiqat təcrübəsi keçəcəklər.
Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi Sumqayıt Dövlət Universiteti ilə L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçiriləcək. Təcrübənin əsas məqsədi doktorantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, peşəkar kadr hazırlığının keyfiyyətinin artırılması, eləcə də iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın və akademik mobilliyin genişləndirilməsidir.

