Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə 29–31 iyul 2026-cı il tarixlərində keçiriləcək ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək.
ADPU-dan “Tehsil365” ə bildirilib ki, sərginin əsas məqsədi ixtisas seçimi ərəfəsində abituriyentləri ölkənin ali təhsil müəssisələrinin təhsil imkanları, qəbul olunan ixtisaslar, tədris mühiti və tələbə həyatı ilə yaxından tanış etmək, onların gələcək peşə seçiminə dəstək göstərməkdir.
ADPU-nun sərgi stendini ziyarət edəcək abituriyentlər və valideynlər universitetin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, 2026/2027-ci tədris ili üçün qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə plan yerləri, ötən tədris ilində formalaşmış keçid balları, yeni açılmış ixtisaslar, təqaüd imkanları, beynəlxalq əməkdaşlıq layihələri, tələbə mübadilə proqramları, qarışıq tədris modeli, universitetin maddi-texniki bazası və tələbə həyatı barədə ətraflı məlumat əldə edə biləcəklər.
Bununla yanaşı, universitetin nümayəndələri ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcək, qəbul qaydaları, təhsil imkanları və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat təqdim edəcəklər.
Abituriyentləri, valideynləri və təhsillə maraqlanan hər kəsi ADPU-nun sərgi stendini ziyarət etməyə dəvət edirik.
Qeyd edək ki, ali təhsil müəssisələrinin sərgisi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcək.
Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.
Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

