Mədəniyyət Nazirliyinin və Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) layihə iştirakçıları ilə görüş keçirilib.
Mərkəzdən “Tehsil365”ə bildirilib ki, görüş zamanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli layihənin ölkələrimiz arasında mövcud tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsinə və ortaq irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini bildirib.
Daha sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova xalqlarımız arasındakı tarixi-mədəni bağlılıqdan bəhs edərək, bu cür layihələrin Azərbaycanın mədəni irsinin tanıdılması və qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində layihə iştirakçıları ali təhsil müəssisəsinin fəaliyyəti və tədris mühiti ilə tanış olublar. Universitetin müəllim və tələbələri pantomima tamaşası, səhnə davranışı və səhnə plastikasını əhatə edən müxtəlif yaradıcılıq nümunələri nümayiş etdiriblər.

