Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə iyulun 29-dan 31-dək keçiriləcək ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək.
Universitetdən “Tehsil365”ə bildirilib ki, sərginin əsas məqsədi ixtisas seçimi ərəfəsində abituriyentləri ölkənin ali təhsil müəssisələrinin təhsil imkanları, qəbul olunan ixtisaslar, tədris mühiti və tələbə həyatı ilə yaxından tanış etmək, onların gələcək peşə seçiminə dəstək göstərməkdir.
ADPU-nun sərgi stendini ziyarət edəcək abituriyentlər və valideynlər universitetin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, 2026/2027-ci tədris ili üçün qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə plan yerləri, ötən tədris ilində formalaşmış keçid balları, yeni açılmış ixtisaslar, təqaüd imkanları, beynəlxalq əməkdaşlıq layihələri, tələbə mübadilə proqramları, qarışıq tədris modeli, universitetin maddi-texniki bazası və tələbə həyatı barədə ətraflı məlumat əldə edə biləcəklər.
Bununla yanaşı, universitetin nümayəndələri ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcək, qəbul qaydaları, təhsil imkanları və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat təqdim edəcəklər.
Ali təhsil müəssisələrinin sərgisi DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Sərgidə iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

