Azərbaycan Universitet yeni inkişaf mərhələsində əsas diqqəti təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi, elmi potensialın artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsinə yönəldəcək. Qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər universitetin regional və milli ali təhsil məkanında mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.
Universitetdən “Tehsil365”ə bildirilib ki, qarşıdakı dövr üçün prioritetlər strateji inkişaf planında müəyyən edilmiş hədəflər əsasında formalaşdırılıb. Əsas məqsəd təhsilin keyfiyyətini davamlı yüksəltmək, innovativ və yaradıcı yanaşmaların tətbiqi ilə müasir təhsil mühitini daha da inkişaf etdirməkdir. Bununla yanaşı, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, nəticəyönümlü və rəqabətqabiliyyətli elmi mühitin formalaşdırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və daxili keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi diqqət mərkəzində olacaq.
Prioritet istiqamətlərimiz sırasında tələbəyönümlü sosial xidmətlərin və dəstək mexanizmlərinin inkişaf etdirilməsi, universitetin fəaliyyət sahələrinin genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin gücləndirilməsi və beynəlmiləlləşmə prosesinin yeni mərhələyə yüksəldilməsi də xüsusi yer tutur.

