Azərbaycan Turizm və Menecment Universiteti tələbələrin innovativ ideyalarının dəstəklənməsi və onların turizm sahəsində müasir həllər hazırlamasına şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Həyata keçirilən layihələr gənclərin sahibkarlıq bacarıqlarının inkişafına və turizm sektorunun rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
“Tehsil365” xəbər verir ki, ali təhsil müəssisəsində innovasiya və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirilir. Tələbələrin yaradıcı ideyalarının reallaşdırılması məqsədilə onlar müxtəlif innovasiya müsabiqələrinə, startap proqramlarına, biznes ideya yarışlarına və mentorluq təşəbbüslərinə cəlb olunurlar.
Xüsusilə turizm sahəsində rəqəmsal həllər, mobil tətbiqlər, ağıllı turizm xidmətləri, yeni turizm məhsulları və innovativ biznes modelləri üzrə tələbə təşəbbüsləri dəstəklənir. Sektor nümayəndələrinin və təcrübəli mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlər, seminarlar və ustad dərsləri tələbələrin innovativ düşüncə qabiliyyətinin inkişafına, sahibkarlıq bacarıqlarının formalaşmasına və real biznes mühitinə hazırlığına kömək edir.
Universitet beynəlxalq standartlara uyğun təhsil proqramları, elmi-tədqiqat fəaliyyəti, sənaye ilə əməkdaşlıq və müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr hazırlığı vasitəsilə Azərbaycanın turizm sektorunun inkişafına mühüm töhfə verir.
Turizm bazarının dinamik tələblərinə uyğun peşəkar mütəxəssislərin hazırlanması xidmət keyfiyyətinin yüksəldilməsinə, ölkənin turizm məhsullarının rəqabət qabiliyyətinin artırılmasına və Azərbaycanın beynəlxalq turizm məkanında mövqeyinin daha da güclənməsinə imkan yaradır. Bununla yanaşı, universitet dayanıqlı turizm, rəqəmsallaşma, innovasiya və müasir xidmət mədəniyyəti istiqamətlərində qabaqcıl yanaşmaların tətbiqini təşviq edir, tələbələri gələcəyin turizm sənayesinin çağırışlarına hazırlayır.

