Bakı Dövlət Universitetində (BDU) və Tusi-Bohm Planetariumunda VI Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin iştirakı ilə XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib.
“Tehsil365” xəbər verir ki, BDU-dan AZƏRAC-a bildirilib ki, may ayından BDU və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün hazırlıq dərsləri təşkil olunub. Bu dərslər XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq məqsədi daşıyıb və seçim imtahanının sualları məhz bu dərslərdə tədris olunan mövzular əsasında hazırlanıb.
Seçmə imtahanın nəticələrinə əsasən, formalaşdırılacaq milli komanda sentyabrın 25-dən oktyabrın 5-dək Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək. Seçilmiş şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadaya qədər davam etdiriləcək.
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nüfuzlu beynəlxalq elm olimpiadaları sırasında yer alır. Olimpiada nəzəriyyə, məlumatların təhlili, planetarium və teleskop mərhələlərindən ibarətdir.
Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.
VI Azərbaycan Astronomiya Olimpiadası və hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.

