“Valideyn övladının əvəzinə qərar verməməli, ona doğru seçim etməsində yol göstərməlidir.”
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Orxan Şəfizadə bildirib.
Onun sözlərinə görə, hər bir valideyn övladının uğurlu gələcəyini arzulayır. Lakin bəzən bu istək uşağın maraq və bacarıqlarından daha çox valideynin arzularına əsaslanır.
“Nəticədə övlad öz seçimini deyil, başqalarının istəyini yaşamağa məcbur olur. Bu isə zamanla stress, narahatlıq, özgüvən itkisi və motivasiya azalmasına səbəb ola bilər.
Təhsil seçimi uşağın həyatında verilən ən vacib qərarlardan biridir. Valideynin rolu bu qərarı övladının əvəzinə vermək deyil, ona doğru qərar verməsində yol göstərməkdir.”
Psixoloq bildirib ki, valideyn ilk növbədə övladını dinləməyi bacarmalıdır.
“Onun maraqlarını, bacarıqlarını, xəyallarını və gələcəklə bağlı düşüncələrini diqqətlə dinləmək vacibdir. Uşaq öz fikrinin dəyərli olduğunu hiss etdikdə qərar verməkdə daha inamlı olur.”
O vurğulayıb ki, müqayisələrdən uzaq durmaq da çox önəmlidir.
“‘Filankəs həkim oldu’, ‘Qonşunun oğlu yüksək bal topladı’ kimi ifadələr uşağın özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Hər bir insanın fərqli potensialı və inkişaf yolu var.”
Orxan Şəfizadə qeyd edib ki, valideyn övladına müxtəlif peşələr və təhsil imkanları haqqında məlumat verməli, lakin son qərarı ona hörmətlə yanaşaraq qəbul etməlidir.
“Uğurlu insan yalnız yüksək gəlir gətirən peşəni seçən deyil, sevdiyi işi görən insandır.”
Psixoloqun sözlərinə görə, əgər övlad qərarsızdırsa və ya seçim prosesində çətinlik yaşayırsa, peşə yönümü və psixoloji məsləhət xidməti almaq faydalı ola bilər.
“Peşə seçimi yalnız bal və diplom məsələsi deyil, həm də şəxsiyyət, maraq və həyat məqsədləri ilə bağlıdır.”
Sonda psixoloq qeyd edib ki, valideynin verdiyi ən böyük dəstək övladının səsini eşitmək, onu anlamaq və seçimlərinə hörmət etməkdir.
“Psixoloji təzyiq altında verilən qərarlar çox vaxt peşmanlıqla nəticələnir. Sevgi, anlayış və dəstək isə sağlam gələcəyin ən möhkəm təməlidir.”

