Böyük Britaniya təmsilçisi, 11 yaşlı şahmatçı Bodhana Sivanandan 38 ildir qırılmayan dünya rekordunu yeniləyib. O, reytinqi 2 600-dən yuxarı olan qrosmeysteri məğlub edən tarixdə ən gənc qız şahmatçı olub.
“Tehsil365” xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Sivanandan Fransanın Eks-an-Provans şəhərində keçirilən "Dole Trophy" turnirinin ilk turunda 19 yaşlı fransalı qrosmeyster Mark-Andria Mauritsini məğlub edib. Onun reytinqi 2 628-dir. Mauritsi 2023-cü ildə 20 yaşadək şahmatçılar arasında dünya çempionu olub və hazırda Fransa çempionu titulunun sahibidir.
Partiyanın ilk 27 gedişi ərzində üstünlük Mauritsinin tərəfində olub. Lakin daha sonra o, kobud səhvə yol verərək rəqibinə uğurlu kombinasiya qurmaq və vəziri qazanmaq imkanı yaradıb.
Sivanandanın 11 yaş 4 ayı var. Əvvəlki rekord əfsanəvi macar şahmatçısı Yudit Polqara məxsus idi. O, 1988-ci ildə 12 yaş 2 aylığında qrosmeyster Layoş Portişi məğlub etmişdi.
Sivanandan həmçinin reytinqi 2 600-dən yuxarı olan qrosmeysteri məğlub edən tarixdə beşinci ən gənc şahmatçı olub. Altı turdan sonra o, üç xal toplayaraq qadın qrosmeysteri adı üçün ikinci norma uğrunda mübarizəsini davam etdirir.

