“Rəqəmsal dövrdə sosial əlaqələrin artmasına baxmayaraq, emosional yaxınlıq hissi zəifləyir.”
Bu fikirləri “Tehsil365”ə açıqlamasında Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov bildirib.
Onun sözlərinə görə, son illər gənclər arasında tənhalıq hissinin artması getdikcə daha çox müşahidə olunur və bu vəziyyət artıq yalnız fərdi problem kimi deyil, həm də cəmiyyətin psixi sağlamlığına təsir edən mühüm bir məsələ kimi qiymətləndirilir.
“Nə qədər paradoksal görünsə də, insanların bir-biri ilə əlaqə qurmaq imkanlarının artdığı rəqəmsal dövrdə emosional yaxınlıq hissinin zəifləməsi daha çox müşahidə olunur. Burada əsas məsələ sosial əlaqələrin sayından çox, onların keyfiyyətidir. Nəzərə almaq lazımdır ki, insan yüzlərlə izləyiciyə və ya virtual dosta sahib ola bilər, lakin həqiqətən anlaşıldığı, dinənildiyi, güvəndiyi və özünü olduğu kimi ifadə edə bildiyi münasibətlər yoxdursa, o zaman tənhalıq hissi qaçılmaz olur.”
Psixoloq bildirib ki, sosial şəbəkələr bu prosesdə həm müsbət, həm də mənfi rol oynaya bilir.
“Sosial şəbəkələr məsafədən asılı olmayaraq insanların ünsiyyətini asanlaşdırır, sosiallaşmağa imkan verir. Buna baxmayaraq virtual sosiallaşmadan istifadə real ünsiyyətin yerini tutduqda müəyyən psixoloji risklər meydana çıxır. Bilirik ki, sosial mediada insanlar adətən həyatlarının ən uğurlu və xoş anlarını paylaşırlar. Sosial şəbəkələrdə başqalarının paylaşdıqları uğur və xoşbəxtlik görüntülərini öz həyatları ilə müqayisə edən gənclərdə narazılıq, özünəinamın azalması və tənhalıq hissi yarana bilər. Aydın məsələdir ki, davamlı sosial müqayisə də gənclərdə özünəinamın azalmasına və nəticədə bir çox psixi problemlərə səbəb ola bilər.”
Mirsadiq Muxtarov vurğulayıb ki, müasir dövrdə münasibətlərin daha səthi xarakter alması da gənclər arasında tənhalığın artmasına təsir edən mühüm amillərdəndir.
“Unutmaq olmaz ki, rəqəmsal platformalarda çoxsaylı yazışmalar və reaksiyalar heç vaxt real münasibəti əvəz edə bilməz. Ona görə ki, insan psixologiyası təhlükəsizlik, qəbul edilmə və aidiyyət hissini əsasən canlı ünsiyyət, empatiya vasitəsilə formalaşdırır.”
Onun sözlərinə görə, akademik gözləntilər, gələcəklə bağlı qeyri-müəyyənlik, ailədaxili və ya dostlarla münasibətlərdə problemlər, olduğu mühitə adaptasiya çətinliyi və.s kimi mövzular da gənclərin emosional problemlərinin formalaşmasına zəmin yarada bilər.
“Bu da uzun müddətli periodda tənhalıq, təcrid və.s kimi davranışlarla özünü biruzə verə bilər.”
Psixoloq qeyd edib ki, tənhalıq hissi uzun müddət davam etdikdə psixi sağlamlığa ciddi təsir göstərə bilər.
“Elmi tədqiqatlar göstərir ki, tənhalıq depressiya, təşviş pozuntuları, xroniki stress, yuxu problemləri, emosional tükənmə və həyat keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirilir. Bəzi hallarda diqqətin və motivasiyanın azalması, akademik və peşə fəaliyyətində məhsuldarlığın zəifləməsi də müşahidə olunur. Ümumiyyətlə tənhalıq insanın özünü dəyərsiz və cəmiyyətdən kənarda hiss etməsinə səbəb ola bilər. Həmin bu vəziyyət özünü müxtəlif əlamətlərlə göstərə bilər. Gəncin sosial mühitdə olmasına baxmayaraq özünü tək hiss etməsi, insanlarla ünsiyyətdən qaçması, əvvəl maraq göstərdiyi fəaliyyətlərə marağını itirməsi, əhvalın davamlı aşağı olması, narahatlıq, özünəinamın azalması, yuxu və iştaha dəyişiklikləri, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi və ya əksinə, tamamilə sosial təmaslardan uzaqlaşması əsas diqqət yetirilməsi gərəkən əlamətlərdəndir. Bu əlamətlər uzun müddət davam etdikdə və gündəlik fəaliyyətə təsir göstərdikdə psixoloqa müraciət etmək məqsədəuyğundur.”
Psixoloqun sözlərinə görə, tənhalığın qarşısının alınması üçün ilk növbədə münasibətlərin keyfiyyətinə diqqət yetirmək lazımdır.
“Gənclər ailə üzvləri və yaxın dostları ilə müntəzəm real, üzbəüz ünsiyyət qurmağa, ortaq fəaliyyətlərdə iştirak etməyəvcəlb edilməlidirlər. Sosial mediadan istifadə isə məqsədli və balanslı şəkildə olmalıdır. Eyni zamanda, emosional davamlılığının inkişaf etdirilməsi də gözardı edilməməlidir. Belə məqamda gənclərin hisslərini ifadə etməyi, kömək istəməyi və psixoloji dəstəyi zəiflik deyil, sağlam davranış kimi qəbul etmələri vacibdir. Bir məqamı da unutmaq olmaz ki, universitetlərdə, məktəblərdə və ailələrdə psixi sağlamlıqla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi, psixoloji xidmətlərin əlçatanlığının artırılması tənhalığın yaratdığı mənfi nəticələrin qarşısının alınmasına mühüm faydalar verə bilər.”

