İyulun 25-də Gənclər və İdman Nazirliyinin “Gənclər arasında” yeni layihəsi çərçivəsində birinci görüş Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə keçirilib.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə 300-ə yaxın gənc iştirak edib. İnteraktiv formatda təşkil olunan tədbirdə Alper Gezeravcı kosmosa uzanan peşə yolundan, Beynəlxalq Kosmik Stansiyada keçirdiyi missiyadan, astronavt hazırlığının mərhələlərindən və bu prosesdə qazandığı təcrübələrdən bəhs edib, gənclərin suallarını cavablandırıb.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Gənclər arasında” layihəsinin ilk qonağı kimi Alper Gezeravcının iştirakının elmə, innovasiyaya və aerokosmik sahəyə maraq göstərən gənclər üçün xüsusi motivasiya mənbəyi olduğunu qeyd edib.
Qeyd edək ki, Alper Gezeravcı həm də Gənclər və İdman Nazirliyinin dəstəyi, Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə sabah Füzuli şəhərində ilk dəfə keçiriləcək “Aerokosmik” Modelçilik Festivalının fəxri qonağıdır.

