Almaniyada bir müəllimin psixoloji problemləri əsas gətirərək 17 il ərzində məktəbə getmədən tam əməkhaqqı alması ölkədə geniş müzakirələrə səbəb olub. Uzun illər xəstəlik arayışları təqdim edən müəllimin fəaliyyəti ilə bağlı həm inzibati, həm də cinayət araşdırması başladılıb.
“Tehsil365” Musavat.com-a istinadən xəbər verir ki, hadisə Şimali Reyn-Vestfaliya əyalətinin Vezel şəhərində yerləşən peşə məktəblərindən birində baş verib. Bildirilir ki, müəllim 2009-cu ildən etibarən psixoloji sağlamlıq problemlərini əsas gətirərək davamlı xəstəlik məzuniyyətində olub. Bu müddətdə o, bir gün belə dərs keçməsə də, dövlət qulluqçusu statusu sayəsində tam maaş almağa davam edib.
Bu il aparılan rəsmi tibbi qiymətləndirmə zamanı müəllimin yaxın altı ay ərzində işə qayıtmasının gözlənilmədiyi müəyyən edilib. Bundan sonra Düsseldorf Regional İdarəsi onun təqaüdə göndərilməsi barədə qərar qəbul edib.
Lakin müəllim bu qərarla razılaşmayaraq Düsseldorf İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam etdiyi müddətdə ona təqaüd məbləğində ödəniş ediləcək, tam maaşla təqaüd arasındakı fərq isə məhkəmənin yekun qərarınadək saxlanılacaq.
Müəllim barəsində ayrıca cinayət işi də açılıb. Duisburq Prokurorluğu onun sağlamlıq vəziyyəti barədə yanlış məlumat verməklə dövlət vəsaitini qanunsuz əldə edib-etmədiyini araşdırır.
İddialara görə, o, xəstəlik məzuniyyətində olduğu dövrdə alternativ tibb sahəsində fəaliyyət göstərib. Mart ayında hüquq-mühafizə orqanları müəllimin evində axtarış apararaq müxtəlif sənədlər və elektron daşıyıcıları götürüblər. Hazırda həmin materiallar ekspertiza olunur.
Qalmaqalla bağlı yalnız müəllim deyil, regional idarənin bir əməkdaşı da intizam araşdırmasına cəlb edilib. Onun müəllimin uzunmüddətli əmək qabiliyyətsizliyi ilə bağlı vaxtında lazımi yoxlamaların aparılmasını təmin etmədiyi iddia olunur.
Hadisə Almaniyada dövlət qulluqçularının uzunmüddətli xəstəlik məzuniyyətinə nəzarət mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı yeni müzakirələrə səbəb olub. Şimali Reyn-Vestfaliyanın təhsil naziri Doroteya Feller baş verənləri "bağışlanmaz" və "miqyası təsəvvürəgəlməz" hadisə kimi qiymətləndirib.

