Yaponiya hökuməti ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində yeni qərar qəbul edib. Qərara əsasən, ölkənin bir sıra aparıcı universitetlərində xarici tələbələrin qəbul kvotaları artırılacaq.
“Tehsil365” xarici mətbuata istinadən xəbər verir ki, dəyişikliklər Tohoku, Tsukuba və Hirosima universitetlərinin bəzi fakültələrini əhatə edəcək. Məqsəd Yaponiyanın qlobal təhsil məkanında rəqabət qabiliyyətini gücləndirmək və ölkəyə daha çox beynəlxalq tələbə cəlb etməkdir.
Bildirilir ki, qəbul məhdudiyyətlərinin yumşaldılması universitetlərə daha çox xarici tələbə qəbul etməyə imkan verəcək. Bununla yanaşı, ali təhsil müəssisələrində ingilisdilli proqramların genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlıqların artırılması da nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, bu addım həm ölkənin demoqrafik çağırışlarının təsirini azaltmağa, həm də Yaponiya universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə töhfə verəcək.
Qeyd edək ki, Yaponiya son illərdə xarici tələbələrin sayını artırmaq məqsədilə müxtəlif təqaüd proqramları və beynəlxalq təhsil təşəbbüslərini həyata keçirir.

