“Son illər şagirdlərdə mütaliə sistemi var. Telefon, müxtəlif oyunlar, sosial şəbəkələrdəki müxtəlif anormallıqlar şagirdləri istər qəzet, istər məqalə, roman, bədii kitab oxumaqdan yayındırır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında Təhsil eksperti Elçin Muradov bildirib.
Ekspert bildirib ki, şagirdlərin kitab oxumaması uşaqlarda nitq qabiliyyətini korlayır.
“Ümumiyyətlə, şagirdlərdə əsər oxuma anlayışı yoxdur. Bu hal isə uşaqlarda nitq qabiliyyətini korlayır, cümlənin mənasını başa düşmədikləri üçün istər-istəməz onlarda məntiq də olmur. Hər bir şey mütaliə ilə bağlıdır. Mütaliə olmayan yerdə məntiqdən, oxu-anlama qabiliyyətindən söhbət gedə bilməz”.
Onun sözlərinə görə, belə halların səbəbi sosial şəbəkələrin aktiv vəziyyətə gəlməyidir.
“Bu cür halların əsas səbəbi sosial şəbəkələrin, smartfon telefonların aktiv vəziyyətə gəlməyidir. Belə halların da getdikcə səviyyəsi artacaqdır. Əvvəl informasiya ala biləcəyimiz yerlər az, amma oxumağa meyl çox idi. 10 nəfər şəxsdən 5-nin əlində bədii-kitab olduğun görürdük. İndiki uşaqların əlində informasiyaların daha əlçatan olmasına baxmayaraq, onların az hissəsinin telefonunda bədii kitab olduğun görə bilirik”.

