Ali məktəblərə qəbul prosesi ilə bağlı ən çox verilən suallardan biri buraxılış imtahanının nəticəsinin neçə il qüvvədə qalması və əvvəlki ilin nəticəsindən istifadə imkanları ilə bağlıdır.
“Tehsil365” xəbər verir ki, əldə etdiyi məlumata, qəbul imtahanlarının birinci mərhələsinin, yəni buraxılış imtahanının nəticəsi 2 il müddətində qüvvədə qalır.
Bu o deməkdir ki, abituriyent cari ildə yenidən buraxılış imtahanında iştirak etmədən əvvəlki ilin nəticəsi ilə də müsabiqəyə qatıla bilər. Eyni zamanda, o, nəticəsini yaxşılaşdırmaq məqsədilə yenidən imtahan vermək hüququna malikdir.
DİM-in məlumatına əsasən, abituriyent hər iki ildə buraxılış imtahanında iştirak edərsə, ixtisas seçimi zamanı hansı nəticə ilə müsabiqəyə qatılacağını özü müəyyənləşdirir.
Qeyd edək ki, buraxılış imtahanının nəticəsi V ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində cari və növbəti tədris ilində istifadə oluna bilər. I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə müvafiq ildə qəbul imtahanının ikinci mərhələsində də iştirak etməlidirlər.

