Məktəblərdə “Dinlər tarixi” və ya “Mənəviyyat” fənninin keçirilməsi, gənclərin analitik təfəkkürünün formalaşdırılması və dini sahədə kadr hazırlığı vaxtaşırı cəmiyyətdə geniş müzakirə olunur.
Bu barədə fikirlərini “Tehsil365”ə açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri bildirib.
Elşad Miri bu cür fənlərin məktəblərdə tədris olunmasından öncə kadr və proqram məsələsinin ciddi şəkildə nəzərdən keçirilməli olduğunu vurğulayıb:
“Bu cür fənləri kimlər tədris edəcək? Kimlər dərs keçəcək? İlahiyyat İnstitutundan məzun olanlarmı? Axı bu gün həmin institutda dərs deyən müəllimlərin özləri məzhəblərə mənsub olan insanlardır. Bu gün İlahiyyat İnstitutunda hansı fənlərin tədris edildiyi və hansı vəsaitlərdən istifadə olunduğu cəmiyyətə nə dərəcədə açıqdır?”
İlahiyyatçı dini təhsil alan kadrların fəaliyyət sahəsinin məhdud qaldığını və bu sistemin yenilənməyə ehtiyacı olduğunu diqqətə çatdırıb:
“Bu gün oradan məzun olanları sadəcə məscidlərə imam təyin etməklə işlərini bitmiş hesab edirlər. Ona görə də bu məsələ çoxşaxəli və düzgün analiz edilməlidir.”
Şagirdlərin azad təfəkkürü və məktəb mühiti barədə danışan Elşad Miri mövcud yanaşmanı sual altına alıb:
“Bu gün şagirdlərimiz sosial şəbəkələrdə gördüklərini dərslərdə sərbəst müzakirəyə çıxara biləcəklərmi? Təəssüf ki, bu, inandırıcı görünmür. Eyni zamanda, Dini Komitədə çalışanların yanaşmasında obyektivlik, yoxsa məzhəb mənsubluğu üstünlük təşkil edir?”
Sonda ilahiyyatçı məktəb və ailə arasında yarana biləcək ziddiyyətlərə toxunaraq məsələnin həssaslığını xüsusi qeyd edib:
“Təsəvvür edin, övladım məktəbdə öyrənəcək ki, hədislər də Allahın vəhyidir. Mən isə evdə bunun əksini deyəcəyəm. Bu, mövcud problemə həll yolu olacaqmı? Bütün bu məqamlar dərindən düşünülməli və obyektiv meyarlar əsasında tənzimlənməlidir.”

