Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Pakistan Təhsil Təqaüd Fondunun (Pakistan Education Endowment Fund - PAK-EEF) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ATMU-nu rektor İlham Mədətov, Tədris işləri üzrə prorektor Zaur Bağırov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Beynəlxalq əlaqlər şöbəsinin müdir müavini İranə Axundova, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva təmsil ediblər. PAK-EEF nümayəndə heyətinə isə fondun baş icraçı direktoru (CEO) Hajra Suhail, korporativ katibi (CS) Murad Shuaib və texniki məsələlər üzrə nümayəndəsi Mazher Amir daxil olublar.
Rektor İlham Mədətov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. O, Pakistan Təhsil Təqaüd Fondu ilə əməkdaşlığın iki ölkə arasında ali təhsil əlaqələrinin inkişafına, tələbə və müəllim mobilliyinin genişlənməsinə, eləcə də birgə elmi və akademik layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. İ.Mədətov ATMU-nun beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq PAK-EEF ilə səmərəli və uzunmüddətli əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Görüş zamanı ATMU ilə PAK-EEF arasında ali təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tələbə və müəllim mübadiləsi, pakistanlı tələbələr üçün təqaüd imkanları, birgə və ikili diplom proqramları, birgə elmi tədqiqat və innovasiya layihələri, sənaye ilə əməkdaşlıq, eləcə də uzunmüddətli institusional tərəfdaşlığın qurulması məsələlərini müzakirə ediblər.
Xüsusilə turizm, qonaqpərvərlik, dağ turizmi, süni intellekt, rəqəmsal texnologiyalar, iqlim tədqiqatları və davamlı inkişaf sahələrində birgə layihələrin həyata keçirilməsinin perspektivləri dəyərləndirilib.
Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və gələcəkdə Anlaşma Memorandumunun (MoU) imzalanması imkanları da nəzərdən keçirilib.

