“Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrinə müəllim qəbulu MİQ-də uğur qazanmış və hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlər arasından aparılacaq”.
“Tehsil365” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində deyib.
O bildirib ki, seçim üçün əsas meyar müəllimin ən azı 3 il pedaqoji təcrübəsinin olması və qiymətləndirmə nəticələrinin 85% və daha yüksək olmasıdır:
“Qiymətləndirmə nəticələri, yəni MİQ, diaqnostik qiymətləndirmə və ya sertifikasiya nəticəsi 85 faiz və daha yüksək olan müəllimlər, həmçinin şagirdlərin ali təhsil müəssisələrinə hazırlığı istiqamətində təcrübəsi olan müəllimlər seçiləcəklər”.
T.Məcidli bildirib ki, avqustun 3-dən etibarən müsahibələrə start veriləcək: “Bu həftədən etibarən müəllimlərə SMS-lər vasitəsilə məlumat veriləcək. İlkin olaraq, Azərbaycan dili və ədəbiyyat və ingilis dili üzrə fənn müəllimlərinin müsahibəsi nəzərdə tutulub”.
Onun sözlərinə görə, indiyə qədər 5 mindən çox müəllim qeydiyyatdan keçib:
“Buna görə də ilkin olaraq layihə tətbiq olunan 31 ümumtəhsil müəssisəsində çalışan və qiymətləndirmə nəticələri yüksək olan müəllimləri müsahibəyə dəvət edəcəyik. Tələblərə cavab verən namizəd tapılmazsa, ikinci mərhələdə isə müəssisənin yerləşdiyi rayondakı digər məktəbləri müəllimlərini müsahibəyə dəvət edəcəyik”.

