Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri dünyanın aparıcı audit, vergi, hüquq və biznes məsləhətçiliyi şirkətlərindən biri olan "Deloitte" şirkətində keçirilən təcrübə proqramında iştirak edirlər.
“Tehsil365” xəbər verir ki, biznes və iqtisadiyyat fakültəsinin "Maliyyə" ixtisası üzrə III kurs tələbələri Nehmət Aqşin, Babayev Əbdülkərim və Qədiməliyev Adil proqram çərçivəsində BP və "Azərenerji" kimi iri layihələrin komandalarına qoşularaq peşəkar təcrübə qazanırlar. Onlar layihə rəhbərlərinin rəhbərliyi altında maliyyə fayllarının yenilənməsi, analitik təhlillərin aparılması, Microsoft Excel və Word proqramlarında məlumatların düzgünlüyünün yoxlanılması və digər peşəkar tapşırıqları yerinə yetirirlər.
Təcrübə proqramı tələbələrə maliyyə sahəsində əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq etmək, beynəlxalq maliyyə və konsaltinq standartları ilə yaxından tanış olmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyeraları üçün dəyərli praktiki təcrübə qazanmaq imkanı yaradır.
Qeyd edək ki, "Deloitte"audit, vergi, hüquq, risklərin idarə edilməsi və biznes məsləhətçiliyi sahələrində fəaliyyət göstərən dünyanın ən nüfuzlu peşəkar xidmət və konsaltinq şəbəkələrindən biridir. Qarabağ Universiteti tələbələrinin belə beynəlxalq nüfuza malik şirkətdə təcrübə proqramına cəlb olunması onların peşəkar inkişafına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, eləcə də əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına mühüm töhfə verir.

