“İnformasiya bolluğu qərarvermə prosesinə maneə yarada bilər.”
Bu fikirləri “Tehsil365”ə açıqlamasında Beynəlxalq Münasibətlər üzrə ekspert Əziz Əlibəyli Əziz Əlibəyli bildirib.
Onun sözlərinə görə, informasiya bolluğu və informasiya axınının sürəti insanların qərarvermə prosesinə təsir göstərir.
“İnformasiya seli, axını psixoloji olaraq da insanı təsirə məruz qoyur. Ciddi qərarların alınmasına, təhlil aparmağa maneə olur. Şübhə yoxdur ki, bəzən manipulyasiya ilə yanaşı fişinqə də məruz qoyur. Qərar qəbul etməkdə ciddi problemlər yaradır. Bunu biz həyatın müxtəlif sahələrində görürük.”
O, qeyd edib ki, əsas problemlərdən biri informasiyanın çoxluğu və onun insanlara çatma tezliyi ilə bağlıdır.
“Şübhəsiz ki, dezinformasiya bu mənada ciddi risklər yaradır. Maliyyə riskləri də doğurur, təhlükəsizlik riskləri də yaradır. Bəlkə həyatın uğur indeksinə də böyük ölçüdə təsir göstərir.”
Əziz Əlibəyli vurğulayıb ki, belə bir şəraitdə media savadlılığına ehtiyac artır.
“Mənbələri yoxlaya bilmə savadlılığına böyük ehtiyac var. Buna biz media savadlılığı deyirik. Alternativləri yoxlamağı, mənbələri yoxlamağı, tələsmədən qərar verməyi, həmin sürətə aldanmamağı bacarmaq lazımdır.”
Ekspertin sözlərinə görə, dezinformasiya cəmiyyət və dövlət-vətəndaş münasibətləri baxımından da ciddi risklər yaradır.
“Cəmiyyətin, insanların sistemində, sosiumun da ayarları var. Amma informasiya həmin ayarların əleyhinədir. Dezinformasiya bilavasitə onları təhdid edir. Dezinformasiya üzərindən baxdıqda bütövlükdə şəxsi, qrup və dövlət-vətəndaş münasibətləri mənasında çox ciddi milli təhlükəsizlik riskləri doğurur.”

