Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müəllimi Aysel Kərimova 23–25 iyul tarixlərində Şuşa şəhərində keçirilən “Azerbaycan 4. Uluslararası Bilimsel Araştırmalar Kongresi”ndə uğurla iştirak edib.
ADPU-dan “Tehsil365” ə bildirilib ki, onlayn formatda keçirilən konqres çərçivəsində müxtəlif ölkələrdən alim və tədqiqatçılar aktual problemlər və yeni tədqiqat istiqamətlərinə həsr olunmuş elmi məruzələrlə çıxış edərək fikir mübadiləsi aparıblar. Tədbir beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi təcrübə mübadiləsinin təşviqi və yeni akademik əlaqələrin qurulmasına mühüm töhfə verib.
Aysel Kərimova konqresdə “Qafqaz Albaniyası antik müəlliflərin əsərlərində: Strabon, Böyük Plini və Ptolemeyin əsərlərinin müqayisəli təhlili əsasında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın antik və orta əsrlər tarixinin mühüm dövlət qurumu olan Qafqaz Albaniyasının tədqiqində antik yunan və Roma müəlliflərinin əsərlərinin əhəmiyyətindən bəhs olunub. Eyni zamanda, Strabon, Böyük Plini və Ptolemeyin əsərlərində Qafqaz Albaniyası haqqında yer alan məlumatlar müqayisəli şəkildə təhlil edilib. Qafqaz Albaniyasına dair antik müəlliflərin verdiyi məlumatların müasir arxeoloji tədqiqatlarla dəstəklənməsi xüsusilə vurğulanıb.
Təqdim olunan məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və müəllifin elmi yanaşması yüksək qiymətləndirilib.

