Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli universitetin tabeliyinə verilmiş Polimer Materialları İnstitutunda olub, institutun kollektivi ilə görüş keçirib.
SDU-dan “Tehsil365” ə bildirilib ki, görüş zamanı Sumqayıt Dövlət Universitetinin elmi inkişaf strategiyası çərçivəsində Polimer Materialları İnstitutunun fəaliyyətinin yeni mərhələdə təşkili, prioritet elmi-tədqiqat istiqamətləri, institusional inkişaf hədəfləri və beynəlxalq elmi əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Professor Nurəli Yusifbəyli çıxışında qeyd edib ki, Polimer Materialları İnstitutunun universitetin tərkibinə inteqrasiyası elmi potensialın daha səmərəli səfərbər olunmasına, fundamental və tətbiqi tədqiqatların inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və universitet-elmi müəssisə əməkdaşlığının yeni keyfiyyət mərhələsinə yüksəlməsinə mühüm töhfə verəcək.
Rektor vurğulayıb ki, müasir dövrün çağırışlarına adekvat cavab verən çevik və səmərəli elmi idarəetmə modelinin formalaşdırılması, institusional islahatların ardıcıl həyata keçirilməsi və strukturun optimallaşdırılması universitetin strateji inkişaf prioritetləri sırasındadır. Bu məqsədlə universiteti Elmi Şurasıda qəbul edilmiş qərarlara uyğun olaraq struktur dəyişiklikləri mərhələli şəkildə reallaşdırılır.
Çıxış zamanı bildirilib ki, müasir elmi laboratoriyaların yaradılması, prioritet istiqamətlər üzrə multidissiplinar tədqiqatların genişləndirilməsi, beynəlxalq indeksli elmi nəşrlərdə fəallığın artırılması, eləcə də yerli və beynəlxalq qrant proqramlarında iştirakın genişləndirilməsi qarşıdakı dövr üçün əsas strateji hədəflər kimi müəyyən olunub. Bununla yanaşı, elmi-tədqiqat infrastrukturunun müasirləşdirilməsi, innovativ araşdırmaların təşviqi və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Professor Nurəli Yusifbəyli qeyd edib ki, institusional islahatların effektiv icrasını təmin etmək məqsədilə Polimer Materialları İnstitutunun direktor müavini səlahiyyətləri texnika elmləri doktoru, professor Fariz Əmirliyə həvalə olunub. Bildirilib ki, bu qərar institutun idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi potensialın daha səmərəli istifadəsi və qarşıya qoyulan strateji hədəflərin operativ şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş çərçivəsində institut əməkdaşlarının təklif və mülahizələri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda elmi fəaliyyətin daha səmərəli təşkili, prioritet istiqamətlər və qarşıdakı dövr üçün fəaliyyət planının icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

