Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun yay onlayn lektoriyası çərçivəsində Çin Xalq Azadlıq Ordusunun yaradılmasının ildönümü qeyd edilib.
Bu barədə “Tehsil365”ə ADU-nun Konfutsi İnstitutundan məlumat verilib.
İnstitutun direktoru Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Çin hərbi və vətənpərvərlik mahnıları” adlı mühazirə oxuyub. Rafiq Abbasov Çinin hərbi və vətənpərvərlik mahnılarının yaranma və inkişaf tarixindən danışıb. O bildirib ki, dərin məzmunu, asan yadda qalan melodiyası və emosional təsiri ilə seçilən bu mahnıların əsas mövzusunu müharibə və hərbi həyat hadisələri təşkil edir. Hərbi vətənpərvərlik mahnıları əsgərlərin cəsarətini, Vətənə sədaqətini, azadlıq və milli dirçəliş uğrunda mübarizə ideyalarını əks etdirir, insanları çətinliklərə qarşı mübarizəyə, dözümlülüyə və fədakarlığa ruhlandırır. Çin hərbi mahnıları – döyüş mahnıları, himnlər və ordu lirikası –ruhlandırıcı musiqisi, yürüş xarakteri, aydın ritmi və özünəməxsus quruluşu ilə seçilir. Çində hərbi musiqinin tarixi qədim dövrlərə gedib çıxır. Qərbi Çjou sülaləsi dövründə artıq hərbi musiqi, mahnı və rəqs əsərlərinin müəllifləri və ifaçıları olub. Həmin dövrdə “Da U” “Böyük Hərbi Rəqs” adlı musiqili-rəqs tamaşası yaradılıb və sonrakı dövrlərdə Çin hərbi musiqisinin əsas janrlarından biri hesab edilən “nağara-nəfəsli musiqi” formalaşıb.
Mühazirədə bildirilib ki, Han ordusunun hərbi musiqi sisteminin inkişafında bu ənənələr mühüm rol oynayıb. Çinin hərbi musiqi irsinin formalaşmasında mühüm xidmətləri olan Li İnggen Çzin sülaləsi dövründə ilk musiqi toplularından biri sayılan “Hərbi musiqinin əlyazmaları”nı yaradıb, hərbi nəfəsli orkestrlərin inkişafına töhfə verib. Çin-Yaponiya müharibəsi illərində qədim Çin poetik janrı “tsi” və ənənəvi musiqi motivləri əsasında hərbi-vətənpərvərlik mövzusunda inqilabi mahnılar janrı formalaşıb. Bu əsərlər xalqın mübarizə əzmini, Vətənə bağlılığını və milli həmrəylik ideyalarını ifadə edib.
1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının yaradılması mərasimində yeni dövlət himni olan “Könüllülərin marşı” ilk dəfə hərbi orkestr tərəfindən ifa edilib. Bu himnin musiqisi güclü və uca melodik xətləri, güclü ritmləri və ilhamverici səs obrazları ilə seçilir.

