Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanalarda çalışan bir qrup əməkdaşın artıq attestasiyası yekunlaşıb. Attestasiya prosesinin məqsədi həmin sahədə çalışan əməkdaşların peşə biliklərinin qiymətləndirilməsi, eləcə də çalışdıqları vəzifəyə uyğunluğunun müəyyən edilməsi olub.
“Tehsil365” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
"Məlum olduğu kimi, bu ilin yanvarında Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncamla “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Həmin konsepsiyanın əsas istiqamətlərindən biri də kitabxana xidmətlərinin müasir standartlara və beynəlxalq çağırışlara uyğun şəkildə təşkili, ədəbiyyatımızın təbliği və oxuculara daha keyfiyyətli xidmətin göstərilməsidir. Bu baxımdan dövlət kitabxanalarının qarşısında mühüm vəzifələr dayanır. Onlardan ən vaciblərindən biri kitabxanaların rəqəmsallaşdırılması, istifadəçilər üçün yeni texnoloji imkanların yaradılması və müasir xidmətlərin tətbiqidir", - deyə nazir müavini qeyd edib.

