Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müasir dövrün tələblərinə, mədəniyyət sənayesinin inkişaf istiqamətlərinə və əmək bazarının ehtiyaclarına uyğun olaraq peşəkar kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitetdə magistratura səviyyəsində təhsil proqramları yenilənir, yeni ixtisaslaşmalar yaradılır, tədrisin məzmunu müasir yanaşmalar əsasında formalaşdırılır. Bu yeniliklər teatr, kino və mədəniyyət sahələri üzrə yüksəkixtisaslı, yaradıcı və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasına xidmət edir.
Universitetdən “Tehsil365”ə bildirilib ki, 2025/2026-cı tədris ilindən etibarən Teatr sənəti fakültəsinin Dram rejissoru və səhnə plastikası kafedrasında rejissorluq ixtisası üzrə yeni istiqamətlər tətbiq olunub. “Teatr rejissoru” ixtisaslaşmasının proqramı müasirləşdirilib, ilk dəfə olaraq “Mədəni-kütləvi tədbirlər rejissoru” ixtisaslaşması yaradılıb.
Yeni ixtisaslaşma çərçivəsində magistrantlara mədəni-kütləvi tədbirlərin dramaturgiyası, layihələrin yaradıcı idarəolunması, səhnə həlləri, müasir işıq, multimedia və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində bilik və bacarıqlar aşılanır. Eyni zamanda, Dram teatrı və kino aktyoru kafedrasında magistratura səviyyəsində ilk dəfə “Pantomima aktyoru” ixtisaslaşmasının tədrisinə başlanılıb. Yeni proqram sözsüz ifadə vasitələri, bədən plastikası, mimika və qeyri-verbal kommunikasiya texnologiyalarının öyrənilməsinə xüsusi diqqət yetirir. Aktyor hazırlığı istiqamətində də tədris planları yenilənib. Müasir teatr cərəyanları, inklüziv teatr prinsipləri, aktyor sənətinin müasir ifadə imkanları və obraz üzərində peşəkar iş metodları ilə bağlı yeni fənlər proqramlara daxil edilib. Musiqili teatr aktyoru ixtisaslaşması üzrə magistratura proqramı da müasir tələblərə uyğunlaşdırılıb. Yeni tədris planı vokal texnikası, səhnə hərəkəti, rol üzərində iş və musiqili teatr janrlarının öyrənilməsini əhatə edir.
ADMİU-da kino sahəsində də müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədris prosesində süni intellekt alətlərinin yaradıcı imkanlarının öyrənilməsi, audiovizual məhsulların hazırlanmasında innovativ texnologiyalardan istifadə istiqamətində tələbələrin praktiki bacarıqları inkişaf etdirilir. Beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Bu çərçivədə Almaniyanın Lüdviq-Maksimilian Münxen Universitetinin professoru Latife Summerer magistratura səviyyəsində “Arxeoloji abidələrin ekspertizası”, “Memarlıq abidələrinin ekspertizası” və “Mədəni irs sahəsində beynəlxalq əməkdaşlıq” fənlərini tədris edib.
Beynəlxalq mütəxəssislərin tədris prosesinə cəlb olunması tələbələrin müasir elmi yanaşmalarla tanış olmasına, beynəlxalq təcrübənin öyrənilməsinə və peşə bacarıqlarının inkişafına imkan yaradır.
ADMİU-da həyata keçirilən bu yeniliklər ali təhsildə səriştəəsaslı yanaşmanın gücləndirilməsinə, nəzəri biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsinə və Azərbaycan mədəniyyət sahəsi üçün rəqabətqabiliyyətli yaradıcı kadrların hazırlanmasına töhfə verir.

