Mədəniyyət Nazirliyi kitabxanalarda çalışan İT mütəxəssislərinin – proqramçılar, sistem inzibatçıları, multimedia və digər texniki kadrların qiymətləndirilməsini aparıb. Attestasiyada rayon və şəhər mərkəzi kitabxanaları ilə yanaşı, kənd, qəsəbə və filialların da daxil olduğu 1100-dən çox əməkdaş iştirak edib.
“Tehsil365” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, prosesin təşkilində attestasiya komissiyalarının fəaliyyəti mühüm rol oynayıb. Komissiyaların tərkibinə İT üzrə peşəkarlar, təcrübəli kitabxanaçılar və ali təhsil müəssisələrinin professor-müəllim heyəti cəlb olunub.
"Attestasiya komissiyaları artıq işini başa çatdırıb. Qiymətləndirmə zamanı əsas diqqət informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlara yönəldilsə də, iştirakçıların kitabxana işi üzrə qanunvericilik, peşə fəaliyyəti və praktiki bilikləri də nəzərə alınıb. Hazırda ilkin nəticələr emal olunur, statistik göstəricilərin yaxın günlərdə açıqlanması planlaşdırılır", – deyə Fərid Cəfərov qeyd edib.

