Müasir təhsil sistemində elmi biliklərlə milli-mənəvi dəyərlərin sintezi, cəmiyyətdə din və elmin münasibəti, eləcə də gənclərin mütaliəyə olan marağı cəmiyyəti düşündürən əsas məsələlərdəndir.
Bu mövzu ilə bağlı fikirlərini “Tehsil365”ə açıqlamasında ilahiyyatçı-yazıçı Tural İrfan bölüşüb.
Tural İrfanın sözlərinə görə, müasir təhsil sistemi gənclərə yalnız hazır bilik və informasiya verməklə kifayətlənməməlidir. Əsas hədəf elmi təfəkkürlə milli-mənəvi dəyərlərin sintezini aşılamaq, gəncləri həm bilikli, həm də mənəvi baxımdan yetkin şəxsiyyət kimi formalaşdırmaq olmalıdır.
Cəmiyyətdə zaman-zaman elmlə dini baxışların qarşı-qarşıya qoyulması məsələsinə toxunan ilahiyyatçı bildirib ki, məktəblilərə elmi dünyagörüşü aşılanarkən onların mənəvi dəyərlərini zədələməmək üçün doğru balans qorunmalıdır. Təhsildə bu tarazlıq saxlanıldıqda gənclər elmi dərk edərkən mənəvi dəyərlərindən uzaqlaşmırlar.
Gənclərin kitaba və dərin araşdırmaya marağının azalması məsələsinə də diqqət çəkən Tural İrfan vurğulayıb ki, bu hal təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bu mənzərəni dəyişmək üçün ilk növbədə məktəb və cəmiyyət səviyyəsində gənclərdə mütaliəyə və araşdırmaya olan həvəsin yeniden bərpa edilməsi vacibdir.

