Azərbaycan Turizm və Menecment Universitetində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə fəaliyyət göstərən “Study in Azerbaijan” layihəsinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə ATMU tərəfindən rektor İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva, eləcə də Təsərrüfat və texniki təchizat şöbəsinin nümayəndəsi Hikmət Quliyev iştirak ediblər. “Study in Azerbaijan” layihəsini isə layihə rəhbəri Şəbnəm Səfərova, aparıcı təhsil koordinatoru Aydan Niftullazadə və təhsil koordinatoru Nurlan Mollayev təmsil ediblər.
“Tehsil365” xəbər verir ki,görüşün əsas məqsədi beynəlmiləlləşmə strategiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tanıtım imkanlarının müzakirəsi və xarici tələbə qəbulunun artırılması istiqamətində birgə fəaliyyət perspektivlərinin müəyyənləşdirilməsi olub.
ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq, universitetin fəaliyyəti, beynəlmiləlləşmə siyasəti və əcnəbi tələbələrlə iş istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, xarici tələbələrin universitetə cəlb olunması ATMU-nun beynəlmiləlləşmə strategiyasının prioritet istiqamətlərindən biridir.
“Study in Azerbaijan” layihəsinin direktoru Şəbnəm Səfərova ATMU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirərək, Azərbaycanın ali təhsilinin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması, universitetlərin xaricdə daha səmərəli təşviqi və xarici tələbələrin cəlb edilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi, universitetin xarici təhsil bazarlarında tanıtımının gücləndirilməsi və xarici tələbə qəbulunun artırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub, ATMU ilə “Study in Azerbaijan” layihəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

