Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya texnologiyaları ixtisası üzrə III kurs tələbəsi Elturan Əliyev BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilinin son ilini Cənubi Koreyada davam etdirəcək.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev adına Liseyin məzunu olan Elturan Əliyev 631 balla BMU-İNHA ikili diplom proqramına qəbul olub. Texnologiya yarışlarında, hakatonlarda və beynəlxalq layihələrdə fəal iştirak edən tələbə bir sıra nailiyyətlər qazanıb.
Elturan Əliyev “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda və “Robotex Türkiyə Avrasiya Çempionatı”nda I yerə, “International Collegiate Programming Contest” yarışının respublika mərhələsində isə III yerə layiq görülüb. O, İtaliyanın Venetiko şəhərində keçirilən “EVoice Youth Exchange” gənclər mübadiləsi layihəsində Azərbaycanı təmsil edib.
Tələbə AZƏRTAC-a müsahibəsində bildirib ki, BMU-İNHA ikili diplom proqramını seçməsinin əsas səbəblərindən biri informasiya texnologiyaları sahəsində keyfiyyətli təhsil almaqla yanaşı, beynəlxalq təcrübə qazanmaq imkanı olub.
“Texnologiya sahəsində dünyanın aparıcı ölkələrindən biri olan Cənubi Koreyada təhsil almaq perspektivi mənim üçün xüsusi motivasiya mənbəyi olub”, – deyə Elturan Əliyev qeyd edib.
Onun sözlərinə görə, Koreyanın texnoloji ekosistemi proqramlaşdırma və robototexnika ilə məşğul olan biri kimi böyük maraq doğurur.
“Birinci kursda Koreyaya səfərimiz zamanı İNHA Universitetinin laboratoriyalarını görmək imkanım olmuşdu. Orada istifadə olunan avadanlıq, aparılan tədqiqatlar və tələbələr üçün yaradılan imkanlar məndə böyük təəssürat yaratdı. Həmin vaxtdan bu mühitdə çalışmaq və özümü inkişaf etdirmək istəyim daha da artdı”, – deyə tələbə bildirib.
Elturan Əliyev vurğulayıb ki, Koreyada təhsil aldığı müddətdə akademik biliklər əldə etməklə yanaşı, müxtəlif layihələrdə iştirak etməyi, texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırır.
“Zəngəzur PUA” layihəsinin ona Azərbaycanda innovativ texnologiyalar yaratmaq üçün böyük potensial olduğunu göstərdiyini deyən tələbə, Koreyada əldə edəcəyi bilikləri belə layihələrin inkişafına yönəltmək istədiyini bildirib.

