Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin inkişaf etdirilməsi məqsədilə xarici universitetlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələrini genişləndirir.
Universitetdən “Tehsil365”ə bildirilib ki, ADMİU Türk Universitetlər Birliyi (TÜRKÜNİB), Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) kimi beynəlxalq platformalarda iştirak edir. Bu əməkdaşlıq çərçivəsində tələbə və müəllim mobilliyi, birgə elmi layihələr və təcrübə mübadiləsi proqramları həyata keçirilir. TÜRKÜNİB çərçivəsində Orhun Mübadilə Proqramı vasitəsilə akademik əlaqələrin gücləndirilməsinə şərait yaradılır.
Universitetin İnnovasiya və Sahibkarlıq Mərkəzi startap təşəbbüslərinin, yaradıcı ideyaların və rəqəmsal layihələrin inkişafını dəstəkləyir. “Digital Art Economy”, “PELCARE” və “Digital Culture – Mədəni irsin rəqəmsallaşdırılması” kimi layihələr beynəlxalq innovasiya platformalarında təqdim olunaraq uğur qazanıb.
ADMİU Türkiyə, Özbəkistan, Qazaxıstan və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində təhsil proqramlarının təkmilləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və yaradıcı sənayelərin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

