Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Tibb Universitetinin (ATU) stendi ziyarətçilərin ən çox maraq göstərdiyi guşələrdən biri olub.
“Tehsil365” xəbər verir ki, ATU-nun stendini ziyarət edənlər arasında ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər və onların valideynləri üstünlük təşkil edib. Universitetin nümayəndələri gələcək tələbələrə ATU-da həyata keçirilən tədris prosesi, fakültələr, ixtisaslar, beynəlxalq əməkdaşlıq proqramları, klinik bazalar, elmi fəaliyyət və tələbələr üçün yaradılmış imkanlar barədə ətraflı məlumat veriblər. Ziyarətçilərin çoxsaylı sualları cavablandırılıb, onlara qəbul qaydaları və universitetdə təhsil perspektivləri ilə bağlı geniş izahat təqdim olunub.
Sərgi çərçivəsində ATU-nun stendini Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də ziyarət edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin stendi ilə tanış olduqdan sonra ATU-nun sərgi guşəsinə də baş çəkən rektor universitetin nümayiş etdirdiyi təqdimat materialları ilə maraqlanıb və nümayəndələrlə səmimi söhbət aparıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilib. Bu baxımdan, BDU-nun tibb fakültəsinin tarixi ənənələrinin varisi olan ATU artıq bir əsrə yaxın akademik irsi, zəngin elmi məktəbi və yüksəkixtisaslı tibb kadrlarının hazırlanması sahəsində formalaşmış təcrübəni yaşadaraq inkişaf etdirir.

