Azərbaycan Tibb Universiteti (ATU) doktorantının dissertasiya tədqiqatı əsasında hazırladığı “Hipertireoz zamanı radioaktiv yod terapiyasından sonra metabolik ağırlaşmaların inkişaf riskinin proqnozlaşdırılması üsulu” adlı ixtiraya Avrasiya patenti təqdim edilib.
“Tehsil365” xəbər verir ki, Doktoran Ayan Məmmədova tərəfindən reallaşdırılan tədqiqat “Qalxanabənzər vəzin patologiyalarında radioaktiv yod müalicəsinin metabolik proseslərə təsiri” mövzusunu əhatə edib.
Yeni üsul radioaktiv yod terapiyası alan xəstələrdə müalicədən əvvəl metabolik ağırlaşmaların yaranma riskini proqnozlaşdırmağa imkan verən elmi modelə əsaslanır.
Hazırlanmış proqnostik model risklərin erkən müəyyənləşdirilməsinə, xəstələr üçün fərdi müalicə yanaşmasının seçilməsinə və kliniki müşahidənin daha effektiv təşkilinə şərait yaradır.
İxtira qalxanabənzər vəzin patologiyalarının müalicəsində fərdiləşdirilmiş tibbi yanaşmanın inkişafına mühüm elmi töhfə hesab olunur.

