Yardımlı əsilli Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu.
“Tehsil365" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunu Samir Hikmət oğlu Tağızadə maksimum nəticə – 700 bal toplayıb.
Maksimum nəticə göstərən Samir Tağızadə bildirib ki, bu nəticə onun üçün gözlənilməz olmayıb. O, imtahandan sonra cavablarını ailəsi ilə birlikdə yoxladıqlarını və yüksək nəticə gözlədiyini deyib. “İmtahandan sonra cavablarımızı evdə yoxlamışdıq. Buna görə də nəticə ilə bağlı elə də şübhəm yox idi. Birinci tur olduğu üçün düşünürdüm ki, 700 bal da toplaya bilərəm. Bu, çox qürurverici hissdir. Həqiqətən də sözlə ifadə etmək mümkün deyil, möhtəşəm bir hissdir”.
700 bal toplayan abituriyent ali təhsilini Azərbaycan Tibb Universitetində tibb ixtisası üzrə almağı planlaşdırdığını bildirib.
Nəticənin elan olunduğu anı xatırlayan Samir həmin sevinci ailəsi ilə birlikdə yaşadığını söyləyib. “SMS əvvəlcə telefonuma gəldi. Həmin vaxt hamımız evdə idik. Atam, anam və bacımla birlikdə bu sevinci yaşadıq. İlk olaraq xəbəri mənə atam çatdırdı”.
Samir Tağızadə gələcək abituriyentlərə də tövsiyələrini bölüşüb. Onun sözlərinə görə, uğurun əsas şərti davamlı çalışmaqla yanaşı, istirahətə də kifayət qədər vaxt ayırmaq və dərslə istirahət arasında düzgün balans yaratmaqdır.
“Əziyyət çəkmək, çox çalışmaq lazımdır. Amma hər şey yerində olmalıdır. İstirahət də vacibdir. Vaxtı düzgün bölmək lazımdır. Əsas məsələ çalışmaqla istirahət arasında balans yaratmağı bacarmaqdır”.
Hazırlıq prosesindən danışan Samir bildirib ki, gündəlik planını dərs və istirahət arasında düzgün bölüşdürməyə çalışıb.
“Hazırlığım əsasən tapşırıqları yerinə yetirmək və vaxtında dincəlmək üzərində qurulmuşdu. Hər birinin öz vaxtı var idi”.
O, qəbul imtahanına repetitor yanında hazırlaşdığını da qeyd edib.
Qeyd edək ki, Samir Tağızadə ölkə üzrə 700 bal toplayan yeganə Yardımlı əsilli abituriyent olub.

