Sumqayıt Dövlət Universitetində (SDU) universitetin beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və xarici tələbələrin SDU-ya cəlbediciliyinin artırılması məqsədilə “İnteredu Təhsil Mərkəzi” ilə əməkdaşlıq sənədinin imzalanma mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli vurğulayıb ki, müasir ali təhsil sistemi qlobal rəqabət mühitində fəaliyyət göstərir və universitetlərin beynəlxalq nüfuzu onların tədris və elmi potensialı ilə yanaşı, beynəlxalq əməkdaşlıq imkanları və xarici tələbələr üçün yaratdığı mühitlə də müəyyən olunur.
Bildirilib ki, SDU-nun əsas strateji hədəflərindən biri müxtəlif ölkələrdən olan tələbələr üçün müasir, inklüziv və beynəlxalq standartlara cavab verən təhsil mühiti formalaşdırmaq, universitetin qlobal akademik məkanda mövqeyini daha da gücləndirməkdir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, akademik mübadilə imkanlarının artırılması və xarici tələbələrin universitetə cəlb olunması xüsusi əhəmiyyət daşıyır.
“İnteredu Təhsil Mərkəzi”nin direktoru Çingiz Bayramov, imzalanan əməkdaşlıq sənədi xarici tələbələrin Sumqayıt Dövlət Universitetində təhsil almağa marağının artırılmasına, universitetin beynəlxalq tanıtımının gücləndirilməsinə, eləcə də beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Tərəflər əməkdaşlığın qarşılıqlı etimada, ortaq məqsədlərə və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanacağını bildirərək, bu əməkdaşlığın ali təhsil sahəsində yeni imkanlar yaradacağına əminliklərini ifadə ediblər.
Daha sonra tərəflər arasında əməkdaşlıq sənədi imzalanıb.

