Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, dövlətçiliyimizin əsas atributlarından biridir. Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, dövlətçiliyimizin əsas atributlarından biridir. Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin həyata keçirilməsində Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm xidmətlər göstərmişlər.
Müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu baxımdan 2001-ci il xüsusi əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyev 9 avqust 2001-ci il tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamışdır. Həmin fərmana əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar Azərbaycan dilinə dövlət qayğısının və milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin bariz nümunəsidir. Heydər Əliyevin rəhbərliyi dövründə latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edilmiş, dövlət idarələrində, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və nəşriyyat sahəsində yeni əlifbanın tətbiqi genişləndirilmişdir. Bununla yanaşı, Azərbaycan dilinin saflığının qorunması, düzgün işlədilməsi və hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, düzgün tətbiqi və dövlət dili kimi nüfuzunun artırılması istiqamətində mühüm dövlət proqramları, sərəncam və fərmanlar qəbul edilmişdir. Azərbaycan dilinin informasiya texnologiyaları mühitində istifadəsinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik ədəbiyyat nümunələrinin yenidən nəşri və dil normalarının qorunması istiqamətində görülən işlər dövlət dil siyasətinin ardıcıllığını göstərir. Bu gün Azərbaycan dili dövlət müstəqilliyimizin, milli kimliyimizin və mədəni irsimizin əsas rəmzlərindən biridir. Azərbaycan əlifbası və Azərbaycan dili gününün hər il qeyd olunması gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyə olunmasına, dilimizin zənginliyinin və saflığının qorunmasına xidmət edir.
Azərbaycan əlifbası və dövlət dil siyasəti ölkəmizin milli dövlətçilik tarixində mühüm yer tutur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət dil siyasəti Azərbaycan dilinin inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə və gələcək nəsillərə saf şəkildə ötürülməsinə mühüm töhfələr verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim
Gülöyşə Azadqızı

