“Bəzi insanlar düşünürlər ki, psixoloqa gedən şəxs zəifdi və ya psixixəstəliyi var”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Sevinc Həbibova deyib.
Psixoloq bildirib ki, bu cəmiyyətdə hələ də rast gəlinən yanlış təsəvvürdür. İnsanlar utanıb düşünürlər ki, əgər biz psixoloqa getsək cəmiyyət nə deyər? Nəticədə onlar düşünürlər ki, problem öz-özünə keçər, həll olunar və gedər. Əslində psixoloqa müraciət etmək zəiflik deyil. Öz psixi sağlamlığına insan necə qayğı göstərir? Necə ki, bizim fiziki narahatçılığımız olanda həkimə müraciət edirik və həkim dərmanlar yazır. Eləcə də biz emosional və psixoloji çətinliklər zamanı da mütəxəssis dəstəyi almalıyıq. Bu normaldır və faydaları da var.
“Çox vaxt insanlar düşünürlər ki, mən psixoloqa gedim görüm məni neçə seansa sağaldacaq. Psixoloq axı insanı 1 seansa düzəldə bilməz. Bu mümkün deyil. İnsanlar gəlib neçə seansa düzələcəyini soruşduqda psixoloqun hələ də gəlməlisən deməyi də düzgün deyil. İnsanların özləri düşünməlidir ki, artıq onlar psixoloji və emosional gərginlikdən azad olublar, məsələn nə isə düşünürdümsə artıq düşünmürəm. Ümumiyyətlə psixoloqa müraciət etməlidir insanlar”.
Onun sözlərinə görə, 3-4 il əvvəl insanlarda mexaniki görünmə var idi. Sanki istəmirdilər ki, insanlar onları girib-çıxanda görsün. Ancaq indi elə deyil. Cəmiyyət istəyir ki, sağlam düşüncə ilə böyüsün.
“Gənclərimiz çox ağıllıdırlar. Onlar özləri düşünürlər ki, bizə psixoloq lazımdır. Heç bir gəncə rast gəlməmişəm ki, o desin mənim psixoloqa ehtiyacım yoxdur. Ən çox gənclər müraciət edirlər. Çünki çox maraqlanırlar. Məncə beyinlərini təmizləmək və sağlam ruhla sağlam addım atmaq istəyirlər. Psixoloq heç kimə ağıl paylamır. Sadəcə düzgün istifadə qaydalarını öyrədir. Məsələn, elə insanlar var ki, bir problemi illərlə ürəyində daşıyır və seansa gəldikdən sonra fərqinə varır ki, ona lazım deyilmiş. Amma elə insanlar da olur ki, xırda və öhdəsindən gələ biləcəyi bir şeyi azad buraxıb. Əslində isə məsuliyyət daşıyıb onu özündə saxlamalı idi. Əvvəllər deyirdilər ki, hər bir ailənin psixoloqu olmalıdır. Məncə hər bir insanın psixoloqu olmalıdır. İnsanların psixi və fiziki xəstəliklərdən uzaq olmasını diləyirəm”-deyə Sevinc Həbibova qeyd edib.

