Respublika və beynəlxalq olimpiadalarda qazandığı uğurlarla seçilən Yaqub Baratlı ali təhsilini Qarabağ Universitetində davam etdirmək qərarı verib.
Bu barədə “Təhsil365”ə universitetdən məlumat verilib.
Yaqub Baratlı son beş il ərzində kimya fənni üzrə mühüm uğurlara imza atıb. O, 2022-ci ildə respublika fənn müsabiqəsində gümüş, 2023-cü ildə respublika fənn olimpiadasında (RFO) bürünc, 2024, 2025 və 2026-cı illərdə isə respublika fənn olimpiadalarında ardıcıl olaraq qızıl medallara layiq görülüb.
Gənc olimpiadaçı beynəlxalq yarışlarda da Azərbaycanı uğurla təmsil edib. O, 2024-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) bürünc, 2026-cı ildə Rusiyanın Moskva şəhərində təşkil olunan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO) bürünc, Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş medal qazanıb.
Yaqub Baratlı Qarabağ Universitetində kimya sahəsində təhsil alaraq bilik və bacarıqlarını daha da inkişaf etdirməyi hədəfləyir.

