Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2026–2030-cu illər üzrə inkişaf strategiyası ali incəsənət təhsilinin müasir tələblərə uyğun yenilənməsini və universitetin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur.
“Tehsil365” AZƏRTAC-A istinadən xəbər verir ki, strategiya altı prioritet istiqaməti əhatə edir. Bunlara akademik mükəmməllik, tədqiqat və yaradıcılıq, beynəlmiləlləşmə, idarəetmə və maliyyələşmə, rəqəmsallaşma və süni intellekt, eləcə də tələbəyönümlü və dayanıqlı universitet mühitinin yaradılması daxildir.
Strategiyanın əsas yeniliklərindən biri səriştəəsaslı kurikulum modelinə keçiddir. Bu model çərçivəsində təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğun yenilənməsi, nəzəri biliklə praktiki yaradıcılığın birləşdirilməsi, işəgötürənlərin tədris prosesinə cəlb olunması və ikili diplom imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə inklüziv təhsil imkanlarının artırılması, tələbəyönümlü pedaqoji yanaşmaların inkişaf etdirilməsi və “Yaşıl Kampus” konsepsiyasının tətbiqi də prioritet istiqamətlər sırasında yer alır.
Strategiyanın həyata keçirilməsi nəticəsində keyfiyyət təminatı sisteminin gücləndirilməsi, beynəlxalq akkreditasiya göstəricilərinin yüksəldilməsi, müasir təhsil mühitinin yaradılması və əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məzunların hazırlanması qarşıya məqsəd qoyulur. ADMİU yeni inkişaf proqramı ilə Azərbaycanın ali incəsənət təhsilində müasir və innovativ inkişaf modelinin formalaşdırılmasını qarşıya məqsəd kimi müəyyənləşdirib.

